"Türkiyə cəlb olunur, Rusiya izləyir": Dünya mediası Qarabağda döyüşlər barədə nə yazır?

Mətbuat

Dağlıq Qarabağda Azərbaycan və erməni silahlı qüvvələri arasında başlamış irimiqyaslı döyüşlər barədə dünya mediası məlumatlar yayır.

Foreign Policy jurnalı bu gün saytında dərc edilmiş məqalədə, son döyüşlərə Türkiyənin cəlb olunduğunu yazıb. Jurnalda Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın erməni xalqına çağırış edərək, hökumətinin strategiyasına qarşı çıxmağa çağırdığı qeyd olunur: "Erməni xalqını ... onu fəlakətə sürükləyən və kukla kimi istifadə edən liderlərinə qarşı çıxmağa çağırıram" deyə Erdoğandan sitat verilib. Məqalədə Türkiyənin Suriyadan Azərbaycana silahlılar göndərməsi iddiaları da yer alıb.

Yazıda həmçinin Rusiyanın döyüşləri uzaqdan müşahidə etdiyi qeyd olunur. "Biz bu tərəfləri atəşi dayandırmağa və vəziyyəti sabitləşdirmək üçün danışıqlara başlamağa çağırırıq", deyə məqalədə Rusiya XİN-dən sitat gətirilir və Ermənistan Baş naziri Nikol Paşinyanın Vladimir Putinlə telefonla danışdığı qeyd olunur. "Rusiya Ermənistanın müttəfiqidir və 1994-cü ildə Azərbaycanla müharibə başa çatdıqdan sonra bu ölkəni nəhəng sayda silahla təchiz edib", deyə Foreign Policy jurnalı yazır.

Britaniyanın Express qəzeti "Avropanın kandarında xaos" başlıqlı yazısında, əsasən, Türkiyənin Azərbaycana dəstəyi barədə yazıb.

"Türkiyə xəbərdar edib ki, Ermənistan və Azərbaycan sərhədində döyüşlər regionu alovun içərisinə ata bilər," qəzet yazır. Bundan başqa, qəzet Türkiyənin "qardaş Azərbaycana" dəstəyini ifadə etməsi barədə ətraflı məlumat verir.

Guardian qəzeti Ermənistanın hərbi vəziyyət elan etməsi barədə yazır. Qəzet öz saytındankı yazıda qeyd edir ki, Azərbaycan 6 kəndi geri aldığını açıqlayıb, ancaq Ermənistan bu məlumatın doğru olmadığını bildirib.

Guardian qeyd edir ki, cənubi Qafqazda davam edən Dağlıq Qarabağ münaqişəsi həm regional, həm də Qərbin narahatlığına səbəb olur, "çünki bu ərazi Xəzər dənizindən neft və qazı qlobal marketlərə daşıyan kəmərlər üçün dəhlizdir".

Bu qəzet də Türkiyənin Azərbaycana dəstəyini qeyd edir və Rusiyanın Ermənistanla müttəfiq olduğunu, ancaq son illərdə Azərbaycan elitasının da Rusiya ilə əlaqələrinin inkişaf etdiyini vurğulayır.

Finanical Times qəzeti döyüşlərə aid məqaləsində hər iki tərəfin bir-birini ittiham etməsini göstərir. Məqalədə Azərbaycanda internetin məhdudlaşdırıldığı və Ermənistanda hərbi vəziyyət elan olunduğu bildirilir.