"Başqa müharibə". Ermənistanın cənubundakı Azərbaycanla sərhəddə yerləşən David Bek kəndindən reportaj

  • Marina Katayeva
  • BBC, Qafan, Ermənistan
Şəklin alt yazısı,

Üç gün əvvəl David-Bek kəndi sakinin evinə mərmi dəyib

Azərbaycan ordusu Qarabağa müxtəlif istiqamətlərdən hücumlar edərkən Ermənistan özündəki kəndlərin atəşə tutulduğunu iddia edir. Ötən həftə Nikol Paşinyan Putinə yazdığı məktubda "Ermənistan Respublikası ərazisinə qəsd faktlarını nəzərə alaraq" kömək istəyib.

Rəsmi olaraq, Ermənistanda müharibə aparılmır. Azərbaycan Ermənistan ərazisinin atəşə tutulmasını inkar edir.

Rusiya üç həftə əvvəl bəyan edib ki, Ermənistanın atəşə tutulması barədə məlumatlar hərbçilər tərəfindən yoxlanılacaq.

Yoxlamaların nəticələri barədə heç bir məlumat verilməyib, bu arada, son münaqişənin əvvəlindən bəri ölkədə üç mülki şəxs həlak olub.

BBC News Rusca bir neçə gün ərzində atəş nəticəsində mülki şəxslərin öldüyü Ermənistanın cənub bölgəsinə baş çəkib.

Sərhədi aşan müharibə?

Gorusdan Azərbaycan sərhədləri yaxınlığındakı Qafana qədər yolun əsas hissəsini arxada qoyandan sonra çox yaxından gələn atəş və partlayış səslərini eşidirik.

Mərmilər hər iki tərəfə uçur və atəşin intensivliyi hər dəqiqə artmaqdadır.

Dağ yolu ilə aşağıya doğru gedən Niva avtomobili ilə qarşılaşırıq. Sürücü işarə ilə göstərir ki, bundan o tərəfə gedə bilməyəcəksiniz və geri dönmək lazımdır.

Geri qayıdırıq, amma ilk buraxılış məntəqəsində bizi saxlayıb deyirlər ki, geri gedən yol da bağlıdır, atəşə tutula bilər. On dəqiqə daha dayanıb, yenidən yolumuza davam etməyə qərar veririk.

Şəklin alt yazısı,

Ermənistanın David Bek kəndində dağılmış ev

Bir neçə kilometr məsafədə qarşı tərəfə cəld keçməli olduğumuz körpüyə çatırıq. Bura potensial hədəf hesab olunur.

Onu keçən kimi üçüncü gündür atəşə məruz qaldığı iddia edilən David Bek kəndinin girişinə çatırıq.

Kəndin girişində qarşımıza çıxan yerli məmu atəşin davam etdiyini və kəndə gedə bilməyəcəyimizi deyir.

David Bek kəndinin girişindəki yol kəsişməsi İrana aparan magistral şossedir.

Nəzarət məntəqəsindəki polislər ağır yük maşınlarının keçməsinə icazə vermirlər, döyüşlər sovuşana kimi gözləməyi xahiş edirlər.

Yanacaq və ərzaq daşıyan yük maşınları uzun növbəyə düzülür.

Polislər ehtiyat edirlər ki, mərmilərdən biri yanacaq çənlərinə dəysə, ətrafdakı hər şey pərən-pərən ola bilər. Buna görə maşınların bir-birindən məsafə saxlamasına çalışırlar.

Döyüşün başa çatmasını gözləmədən Qafana yola düşürük.

Ertəsi gün David Bekdə sakitlik olduğunu öyrəndikdən sonra təzədən kəndə qayıdırıq.

Əvvəlki gün dağıdılmış evlərdən birinin xarabalığına çatan kimi yenidən döyüş başlayır. Bu dəfə yalnız artilleriya deyil, pulemyot səsləri də eşidilir.

Mərminin dəydiyi ev sahibi onun haradan atıldığını göstərir. Atışma zamanı Qriqorun atası ikinci mərtəbədə, anası birinci, özü isə həyətdə işləyirmiş. Mərminin səsini eşidən Qriqor onun yaxın yerə düşəcəyini başa düşüb.

"Son bir neçə gündə mərminin təxmini hara düşəcəyini müəyyənləşdirməyi öyrəndik". Evin içinə tələsən Qriqor, hələ birinci Qarabağ müharibəsində yaralanmış anasını da götürüb ailəsi ilə birlikdə otağın küncünə sığınmağa müvəffəq olub.

Mərmi həyətə düşsə də, zərər çəkən olmayıb. Qriqor indi zədələnməmiş otaqlarda yaşadığını söyləyir. Həyətdə onun qəlpələrlə dəlik-dəlik edilmiş 06-sı (Lada maşını - red.) durur. Qriqor onunla şəhərə gedib ərzaq gətirərdi.

Kəndin yaxınlığındakı döyüşlər dayanmır və biz Qafana qayıdırıq. Yoldan üstünü tüstü bürüyən dağ zirvələrini görmək olar. Orada meşələr yanır.

Yerli sakinlər deyirlər ki, Azərbaycan qüvvələri bilərəkdən meşəni vurur ki, o, od tutub yansın və Ermənistan orada öz hərbçiləriylə texnikanı gizlədə bilməsin (İkinci Qarabağ müharibəsi başlayandan Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələri öz ərazilərindən Azərbaycan ərazilərini atəşə tutur - BBC News Azərbaycanca)

Kəndə gəldiyimizin ertəsi günü David Bekin yenidən atəşə tutulduğunu və yerli sakin David Oqanesyanın öldürüldüyünü öyrəndik.

Qafanın draması

Qafan Ermənistanın cənub-şərqində yerləşir. Şəhər həmişə olduğu kimi görünür - mağaza və kafelər işləyir, insanlar öz işləriylə məşğuldur.

Müharibə dövrünün əlamətləri nəzərə çarpmasa da, şəhər sakinləri onun yaxın olduğunu başa düşür və hazırlıq görürlər.

Yerli teatr binasının yanında və foyedə çox sayda gənclər var.

Küncdə qutular var, yerə parça kəsintiləri səpələnib və divarın üstündə "KAPAN DRAMA" yazılmış böyük bir plakat asılıb.

Ortadakı qırmızı teatr taxtında oturan yaşlı qadın qayçı ilə parçadan kiçik lentlər kəsir. Bu, 10 ildir teatrda çalışan gözətçi Nünikdir.

O, hər gün buraya gəlir və müharibə zamanı maşınlar və texnikanın üstünə çəkilən kamuflyaj torlarını düzəltməyə kömək edir.

Şəklin alt yazısı,

Gözətçi Nünik teatra gəlir və kamuflyaj torların toxunmasına kömək edir

Zalda çox sayda gənc var, onlar da qoruyucu torlar toxuyur. Hazır olanlar kürsülərin üstünə sərilir, divarlara asılmış torların üstünə kəsilmiş parça hissələri asılır.

Lilit Sahakyan Qafan teatrının aktrisasıdır.

Qız hərbçilərin kamuflyaj torlara ehtiyacı olduğunu Facebook-da yazandan sonra, növbə ilə işləyən təxminən 100 nəfəri işə cəlb edə bilib.

Aktrisa teatr üçün çox darıxdığını və aktyorların bəzən evdə məşq etdiyini deyir. Lilitin həmkarı - Qayane birinci cərgədə oturur və torbadan götürüb kəsdiyi parçaları dizində tutduğu başqa bir torbaya yığır.

Qayane 37 ildir ki, aktrisa işləyir. O, müharibə haqqında düşünməmək üçün torların toxunmasına kömək etmək qərarına gəlib.

Şəklin alt yazısı,

Hazır torlar kürsülərin üstünə sərilir

"İşləyəndə heç nə haqqında düşünmürsən. Bu kömək edir," - Qayane deyir. - "Bunu təsəvvür edə bilirsinizmi? Uşaqlar cəmi 20-22 yaşında idilər və heç nə görmədilər. Xəyalları vardı, onların hər şeyi irəlidə idi,"- deyən qadın göz yaşlarını silir.

O, hesab edir ki, bu müharibə ən çox yalnız özlərini sevən insanlar tərəfindən ortaya çıxarılıb.

Qayanenin əri birinci Qarabağ münaqişəsində yaralanıb. "Qəlpələr hələ də onun ayağındadır və bu müharibə həmişə bizim evimizdədir".

Teatrda koronavirus pandemiyası başlayandan bəri tamaşalar olmur.

Karantin dövründə səhnəni yeniləmək qərarı verildi, lakin təmir bitmədən teatrın qapıları yenidən açılıb. Bu üç həftə əvvəl, Qafanda hava həyəcanı siqnalı səsləndiyi gün baş verib.

Teatrın bədii rəhbəri - İşxan Qaribyan əvvəlcə zirzəmidəki studiyanı hava hücumundan sığınacağa çevirdi, sonra isə sakinləri qəbul edib yerləşdirmək üçün gecə-gündüz növbətçilik təşkil etdi.

Müharibə dövründə incəsənət

Qafanlı rəssam Ruben Kostandyanın studiyasında döşəmədən tavanadək rəsmlər asılıb. Son bir ayda Ruben üç şəkil çəkib - hamısı müharibə ilə əlaqəlidi.

Sənətçi məhv edilmiş kilsənin təsvirini göstərir. Bu bədii əsər Şuşadakı kilsənin atəşə tutulmasından yeddi gün əvvəl çəkilib (Azərbaycan Şuşada kilsənin hədəfə alınmasını qətiyyətlə təkzib edib və kilsənin ya yanlışlıqıa vurulduğunu, ya da erməni hərbçilərinin bunu qəsdən özlərinin etdiyi ehtimalını irəli sürüb- BBC News Azərbaycanca).

Ruben dindar insandır. Müharibənin başlamasından sonra onun işlədiyi hər bir əsərdə xristianlığın rəmzləri əks olunub.

"Mənə elə gəlir ki, son şəkillərdə kimsə mənə yuxarıdan kömək edir," - rəssam deyir.

"Mən indi fırça ilə kömək edə bilərəm. Bu, silahımdır, mən susmamalıyam".

O etiraf edir ki, işləmək ona çətin gəlir, amma hər səhər studiyaya gəlib kətanı dəzgahın üstünə qoyur, rəngləri qarışdırır və rəsmlər çəkir.

"Mən istəyirəm ki, sənətçilər, şairlər, aktyor və musiqiçilər birləşib bu müharibəni öz fəryadları ilə dayandırsınlar".

Şəklin alt yazısı,

Qafanlı rəssam Ruben Kostandyan müharibə haqqında şəkilləri dolğun rənglərlə çəkir

Rubenin əsərləri dolğun rənglərlə çəkilib. O, tutqun rənglərdən istifadə etmək istəmədiyini deyir. "Bu şəkildə qaranlığı məğlub etmək istəyirəm".

Ruben cəbhədən gələn partlayış səslərini eşitdiyini, ancaq qorxmadığını deyir.

O, birinci müharibə vaxtı da Qafanda olub. O vaxt oğlu yeni dünyaya gəlmişdi və Qafanın təyyarələrdən bombarmanı vaxtı onun 20 günü tamam oldu.

Sənətçi o zaman vəziyyətin daha asan olduğunu deyir. "İndi başqa müharibədir. Bu pilotsuz təyyarələr dəhşətlidir. Onlara heç nə edə bilmirsən".