Məndə koronavirus varmı?

Koronavirusun əsas simptomlarından biri də qızdırmadır
Şəklin alt yazısı,

Koronavirusun əsas simptomlarından biri də qızdırmadır

Koronavirus dünya boyunca 500 mindən çox insanın həyatına son qoyub, virusa yoluxanların sayı yüz minlərlə ölçülür.

Koronavirusun simptomları hansılardır?

Koronavirus ağciyərləri hədəfləyir. İki əsas simptom qızdırma və quru öskürəkdir, bəzən tənəffüs çətinliyi də yarana bilər.

Hazırda həkimlər davamlı quru öskürəyə fikir verməyi tövsiyə edirlər. Belə öskürək bir saatdan artıq davam edir. 24 saat ərzində üç və ya daha çox öskürək epizodu ola bilər.

Bədən temperaturu 37.8C yuxarı qalxarsa, qızdırma, üşütmə və ya titrətmə hiss edə bilərsiniz.

Simptomlar arasında həmçinin, boğaz və baş ağrısı, ishal və iy və dad bilmə hissinin itirilməsi də qeyd olunur.

Bu əlamətlər adətən 5 gün ərzində müşahidə edilir. Lakin bəzi hallarda simptomların üzə çıxması ləngiyə bilər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) inkubasiya dövrünün 14 günə qədər davam etdiyini bildirir.

İnsanlar xəstəxanaya nə vaxt getməlidirlər?

Koronavirusa yoluxan insanların əksəriyyətində ağrıkəsicinin (parasetamol kimi) qəbulu və istirahətdən sonra sağalma başlayır.

Müalicənin xəstəxanada keçirilməsinə ehtiyac tənəffüs çətinliyi ilə bağlı yarana bilər.

Belə halda ağciyərləri skan edib onların hansı vəziyyətdə olduğunu gördükdən sonra, oksigen və ventilyasiya təyin edilə bilər.

İnsanlar narahat olduqda birbaşa xəstəxananın təcili yardım bölməsinə getməkdən çəkinməlidirlər.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın brifinqlərin birində virusa yoluxduğunu düşünən şəxslərə təcili tibbi yardıma vaxtında müraciət etməyi məsləhət görüb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) bildirib ki, koronavirusa yoluxmuş şəxsin xəstəxanaya göndərilib-göndərilməməsinə "103 xidməti qərar verir".

"103 xidmətinin əməkdaşları xəstənin vəziyyətini müayinə etdikdən sonra onun ağırlıq dərəcəsinə uyğun olaraq xəstənin evdə, yoxsa xəstəxanada müalicə olunacağını müəyyənləşdirirlər", TƏBİB-in sözçüsü Rəvanə Əliyeva deyib.

Reanimasiyada nə baş verir?

Reanimasiya bölmələri xəstəliyi daha kəskin keçən pasiyentlər üçün xüsusi palatalardır.

Koronavirus xəstələrinə burada ya üz maskası, ya da buruna yerləşdirilən boru vasitəsilə oksigen dəstəyi verilə bilər.

Ən çətin prosedur isə ağır halda olan xəstələr üçün nəzərdə tutulub – onlar ağciyərlərin ventilyasiya aparatına qoşulur. Bunun üçün hava ilə oksigen qarışığı, ağız, burun borusu və ya boğazdakı kiçik bir kəsiklə ağciyərlərə ötürülür.

Simptomlarım yüngül olarsa nə etməliyəm?

Yüngül simptomları olan xəstələr ən azı yeddi gün ərzində özlərini evdə təcrid etməlidirlər.

Vəziyyət narahatlıq doğurmursa, Britaniyada mənzillənən şəxslərə NHS-in 111 nömrəsinə zəng etməmək tövsiyə olunur. Həmçinin, həkiminizə və ya təcili yardım şöbələrinə getməkdən də çəkinməlisniz.

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir ki, COVID-19-un yüngül əlamətləri olan insanların mütləq xəstəxanaya hospitalizasiyası və müalicəsi tələb olunmur, onlar müvafiq qərar verilərsə ev şəraitində də təcrid olunaraq müalicə oluna bilərlər.

"COVID-19-la bağlı ciddi xəstəlik riski olan insanlar hətta xəstəlik yüngül olsa belə, həkimə müraciət etməlidirlər", Qərargah bildirir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi Yaqut Qarayeva qurumun iyunun 20-də keçirilmiş brifinqdə bildirib ki, çox ağır simptomları yoxdursa, xəstələr evdə qalıb, müşahidə altında müalicə oluna bilərlər.

"Ancaq bir xəstədə artıq pnevmaniya inkişaf edirsə, bu COVİD-19-la əlaqəli ola da bilər, olmaya da, pnevmaniyadırsa, bu, daha çox xəstəxana şəraitində müalicə olunmalıdır,"- o əlavə edib.

Koronavirus nə qədər ölümcüldür?

Xəstəliklə bağlı ölüm nisbət aşağıdır (1 ilə 2 faiz arasında) - ancaq rəqəmlər etibarsız ola bilər.

Minlərlə xəstə müalicə olunsa da, daha sonra vəfat edə bilər və buna görə, ölüm statistikası artmış olacaq.

Eynilə, bir çox yüngül keçən xəstəlik diaqnozsuz ötüşərsə, ölüm statistikası daha aşağı ola bilər.

56 min xəstənin məlumatını araşdıran Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bunları göstərir:

  • 6 faiz. Xəstəlik ağır keçir: ağciyər çatışmazlığı, septik şok, orqan çatışmazlığı və ölüm riski yaranır.
  • 14 faiz. Kəskin simptomlar müşahidə olunur: tənəffüs çətinliyi və təngnəfəslik.
  • 80 faiz. Simptomlar yüngül olur: bura qızdırma, öskürək və ağciyər sətəlcəmi aiddir.

Özümü necə qoruyum?

Ən yaxşısı, əllərinizi sabunla mütəmadi yumaqdır.

Koronavirus infeksiyasına yoluxmuş şəxs öskürərkən və ya asqırarkən içində virus olan kiçicik damcılar havaya atılır.

Bu damcılar nəfəslə içəriyə yol tapa bilər. Onların düşdüyü səthə toxunandan sonra əlinizi burun, göz və ya ağzınıza vurarkən infeksiyaya yoluxa bilərsiniz.

Buna görə də, öskürərkən və ya asqırarkən ağzınıza salfet tutmaq, yuyulmamış əlinizlə üzə toxunmamaq və virusa yoluxmuş insanlardan aralı durmaq vacibdir.

Koronavirus simptomları üzə çıxandan sonra o daha yoluxucu olur. Lakin bəziləri bundan əvvəl də virusu yaya bilər.

Mütəxəssislərin fikrincə, üz maskaları effektiv qorunmanı təmin etmir.

Bununla birlikdə ÜST, onlardan istifadənin ictimaiyyət üçün faydalı olub-olmadığını yenidən araşdırır.