Suqovuşanın (Madagiz) hərbi əhəmiyyəti nədir?

qarabağ, görüntü

Oktyabrın 3-də Dağlıq Qarabağ uğrunda şiddətli döyüşlərin ardınca Azərbaycan Madagizin azad olunmasını elan edib, bu barədə prezident İlham Əliyev öz Twitter-ində yazıb.

Prezident Əliyev daha bir tvitində Madagizin adının dəyişdirildiyini bildirib: "Bundan sonra Suqovuşan adlandırılır", o deyib.

Bəs görəsən, Tərtər rayonunun bu yaşayış məntəqəsinin hərbi əhəmiyyəti nədir? Hərbi ekspert, polkovnik Şair Ramaldanova görə, Suqovuşan şimal istiqamətində irəliləmə və əraziyə nəzarət baxımından olduqca önəmli rola malikdir.

Ağdərəyə gedən yola nəzarət

"Bu həmin dağlıq bölgədə nəzarət altına alınan ilk yaşayış məntəqəsidir və Ağdərəyə gedən yolu demək olar ki, tam şəkildə bağlayır, - Şair Ramaldanov deyir. - Ağdərə üçün təminat yolları və sairə baxımdan vacibdir. O biri tərəfdən ətrafda olan əraziyə nəzarət imkanları verir".

BBC News Azərbaycancaya danışan polkovnikin sözlərinə görə, bu yaşayış məntəqəsinə nəzarət həmin istiqamətdə gələcək irəliləmə üçün də daha geniş imkanlar yaradır.

Eyni zamanda bu, qarşı tərəfin hərbi imkanlarını məhdudlaşdırır.

"O biri tərəfdən, Madagiz o istiqamətdə olan qüvvələrin idarə məntəqəsi idi, ona görə, bu deməkdir ki, düşmənin müəyyən şəkildə planları da məhdudlaşır."

Kənd əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid olub, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv olunduqdan sonra Tərtər rayonuna birləşdirilən kəndlərdən biri olub.

Kənd ilk dəfə 1991-1992-ci illərdə işğaldan azad edilsə də, 1994-cü ilin aprelində yenidən işğal olunub.

Cəbhədə döyüşlər bazar günü, sentyabrın 27-dən bəri davam edir.

BBC News Azərbaycanca cəbhə xəbərlərini canlı rejimdə yayınlayır.