Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi qüvvəyə mindi

Карабах

Bu gün Azərbaycan və Ermənistan döyüşləri humanitar səbəblərdən dayandırır.

Oktyabrın 9-da Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri Moskvada görüş keçiriblər, görüşün nəticəsində tərəflər arasında atəşkəs barədə razılığa gəlinib.

Moskvada Xarici İşlər nazirləri üçtərəfli görüş keçirərkən cəbhədə döyüşlər dayanmadığı deyilir. zərbaycan Müdafiə Nazirliyi bildirib ki, oktyabrın 10-u səhər saatlarınadək bütün cəbhə boyu əməliyyatlar müxtəlif intensivliklə davam edib. Nazirlik, o cümlədən bəyan edib ki, Ermənistan Silahlı Qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini atəşə tutur.

Ermənistan bu gecə Azərbaycanın onun ərazisində yaşayış məntəqələrini atəşə tutduğunu iddia edib, Azərbayca isə bunu təkzib edib.

Oktyabrın 9-da xalqa müraciətində və xarici TV-lərə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, "artıq təmas xətti yoxdur", "danışıqlar işğal olunmuş ərazilərin boşalmasına gətirib çıxarılmalıdır".

Atəşkəs razılaşmasında nə var?

Moskvada Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirlərinin 11 saat davam edən müzakirələrindən sonra atəşkəs barədə razılığa gəlinib.

Rusiya XİN sözçüsü Mariya Zaxarova Facebook səhifəsində tərəflərin razılaşdığı addımlara dair sənədin - nazirlərin bəyanatının nüsxəsini paylaşıb.

Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılığa əsasən aşağıdakı addımların atılması razılaşdırılıb, sənəddə bildirilir.

  • 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur.
  • Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
  • Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
  • Tərəflər danışıqlar prosesinin formatının dəyişməz olduğunu təsdiq edirlər.

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın görüşü Rusiya Prezidenti Vladimir Putinin cümə axşamı günü Moskvaya dəvəti nəticəsində baş tutub.

Təxminən 11 saat davam edən görüşdən sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıqların nəticələrinə əsasən, birgə bəyanatı elan edib.