Moskva danışıqlarından nə gözləməli?

Xarici işlər nazirlərinin Moskva görüşü
Şəklin alt yazısı,

Ceyhun Bayramov (solda), Sergey Lavrov (mərkəzdə), Zohrab Mnatsakanyan (sağda)

Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı üçtərəfli danışıqlar başlayıb.

Müzakirələrdə Sergey Lavrov, Ceyhun Bayramov və Zohrab Mnatsakanyan iştirak edir. Görüş Rusiya Xarici İşlər Nazirliyinin "Qəbullar Evində" keçirilir.

Hələlik qısa müddətli atəşkəsin müzakirə olunduğu deyilən görüş barədə məlumat verilmir. Bəs görəsən atəşkəsin nəticələri nə ola bilər?

Concillation Resources təşkilatının Qafqaz üzrə direktorunun dediyinə görə, söhbət qısa müddətli atəşkəsdən gedir, bundan sonra döyüşlər yenidən başlaya bilər.

"Bu, tam miqyaslı atəşkəs deyil, təcili humanitar ehtiyacları həll etmək üçün qısa müddətli atəşkəsə səbəb ola bilər," - Laurence Broers BBC News Azərbaycancaya deyib. Onun dediyinə görə, tərəflərin məqsədləri fərqlidir. Azərbaycan əməliyyat uğurlu kimi dəyərləndirir və çox güman ki, onu başa çatmış hesab edir. Ermənistan isə hücumdan sarsılıb və yenidən qruplaşmaq üçün fürsət axtarır.

"Prezident İlham Əliyev sentyabr müharibəsini uğurlu kimi xarakterizə etdi və mümkündür ki, əməliyyatları başa çatdırmaq haqqında qərar verib və danışıqlarda ilkin şərtləri müəyyənləşdirmək üçün üstünlük əldə etmək istəyir - xüsusilə də Ermənistan silahlı qüvvələrinin geri çəkilməsi üçün vaxt cədvəlinin təyin edilməsində, - Laurence Broers davam edir. - Hücumlar Ermənistanı sarsıtdı və ona yenidən qruplaşmaq üçün vaxt lazımdır".

Britaniyalı ekspertə görə, bununla birlikdə, yerdəki vəziyyətin nə dərəcədə dəyişməsi hələ tam bilinmir və bu səbəbdən hazırkı qüvvələr nisbətini söyləmək erkən ola bilər.

Ermənistan-Azərbaycan qarşıdurması Moskvanı da çətin seçim qarşısında qoyur, çünki dondurulmuş münaqişələrə sahib olan digər keçmiş Sovet respublikalarından (Gürcüstan, Ukrayna və Moldova) fərqli olaraq, Azərbaycan Rusiya üçün düşmən dövlətə çevrilməmişdir. Bu barədə Carnegie fondunun son təhlilində deyilir.

Ermənistan Rusiyanın müttəfiqir, amma Azərbaycan da "heç düşməni deyil"

"Keçmiş sovet respublikaları arasında Azərbaycan həmişə Moskva ilə yaxşı münasibətlər saxlayaraq, Rusiyadan tamamilə müstəqil xarici siyasət aparmağın nümunəsi idi".

Cümə günü dərc olunan məqalənin müəllifi Aleksandr Baunova görə, Ermənistan Rusiyanın mühüm müttəfiqi olsa da, Kremldə küçə etirazları nəticəsində hakimiyyətə gələn Ermənistanın yeni iqtidarına ehtiyatla yanaşırlar.

Bu arada, Moskvanın əsas məqsədi, bölgədən ABŞ kimi oyunçuları sıxışdırıb çıxarmaqdır. Bu baxımdan Ankara ilə Moskvanın mövqeləri də yaxındır, çünki "Qərbin müdaxiləsi olmadan" sərbəst davranmaq Türkiyə üçün də vacibdir, Aleksandr Baunov bunu Twitter hesabında yazır.

Ermənistan Rusiyanın müttəfiqi olsa da, nə Azərbaycan, nə də onu dəstəkləyən Türkiyə Rusiyanın düşməni deyil. Bu məntiqlə Rusiya üçün kimin hücuma məruz qaldığı yox, kimin hücumuna məruz qaldığı daha böyük əhəmiyyət kəsb edir, Baunov yazır.

"Beləliklə, Rusiyanın Ermənistana kömək etmək üçün səbəbləri ola bilər, amma Azərbaycanı cəzalandırmaq üçün heç bir səbəbi yoxdur", təhlildə deyilir.

Dağlıq Qarabağda ikinci həftədir ki, davam edən toqquşmalar nəticəsində əsas oyunçuların mövqeləri aydın olsa da, döyüş meydanındakı vəziyyət barədə məlumat ziddiyyətli qalır. Laurence Broers-ə əsasən, bu səbəbdən yerdəki qüvvələr nisbətini tam dəqiqliklə söyləmək hələ ki, erkən olardı.