"Gedib atamın məzarını qucaqlayacağam": azərbaycanlılar Qarabağa qayıtmaq ümidləri haqqında

Azərbaycanlı məcburi köçkünlərin yaşadığı Müşfiqabad şəhəri
Şəklin alt yazısı,

Azərbaycanlı məcburi köçkünlərin yaşadığı Müşfiqabad şəhəri

Hər iki tərəfdən yüz minlərlə insan Qarabağ münaqişəsinin qurbanı olub. Bu materialda biz münaqişədən əziyyət çəkən azərbaycanlıların dərdlərindən, narahatlıqlarından və ümidlərindən danışırıq, BBC News Rusca yazır.

Tərtərdən Müşfiq

Bombardmandan əziyyət çəkən, qadın və uşaqların zirzəmilərə sığındığı Tərtər şəhərindən o qədər də aralı olmayan Qazyan kəndi cəbhə xəttinin lap yaxınlığında yerləşir.

Yerli sakin - Müşfiq kəndin atəşə tutulduğunu söyləyir: "Mən özüm burdayam, bombalardan qorunmağımız üçün sığınacaqlar qazılıb və mən indi onun içindəyəm, - o, bizə telefonla deyir, - arvadımı Bakıya, universitetdə oxuyan oğlumun yanına göndərdim, özümün harasa getmək fikrim yoxdur".

Şəklin alt yazısı,

Tərtər kəndinin atəşə tutulmasının nəticələri

O, kəndin 27 sentyabr səhəri atəşə məruz qaldığını və o vaxtdan bəri hər gün yenidən atəşə tutulduğunu deyir. Rabitə dağıdılıb, qaz, işıq və su da yoxdur.

52 yaşlı Müşfiq evləri bombalanan və xəstəxanaya yerləşdirilən qonşularını sadalayır. "Bizim damımız ələk kimidir, qonşunun mal-qarası isə mərmiylə öldürüldü," - Müşfiq deyir.

O, bütün həyatının doğma kəndi ilə bağlı olduğunu söyləyir: "Mən fermerəm, 4 hektar pambığım, 3 hektar taxılım, üstəlik 5 inəyim və 20 arı pətəyim var, hamısı sağ-salamat ikən mən də heç yerə gedən deyiləm".

Bir qədər sonra o, inəklərin bu yaxınlarda xəstələndiyini deyir və bunun "bioloji silah"la əlaqədar olduğunu güman edir.

Müşfiq birinci Qarabağ müharibəsi vaxtı da burada yaşayıb. Ermənilərlə dinc həyat barədə danışanda Müşfiq duyğulara qapılır, ara vermədən tez-taz danışmağa başlayır.

"Bəli, biz onlarla illərdir bir yaşamışıq, çünki burada hamı yaxındır, qonşu idik, bir-birimizə baş çəkirdik, toylara gedirdik, bir yerdə rahatca yaşayardıq. Heç vaxt ermənilərlə düşmənçilik etmədik, onları xaricdən gələn düşmənlər idarə edir, onların işidir. Bəyəm onlar müharibə istəyirdilər? Sadə insanlar müharibə istəmir".

Gəncədən Emin

Şəklin alt yazısı,

Gəncə şəhərinin erməni qüvvələri tərəfindən atəşə tutulmasının nəticələri

Sentyabr ayının sonundan bəri cəbhənin hər iki tərəfindəki şəhər və kəndlər artilleriya zərbələrinə tutulur. Onların arasında Azərbaycanın ikinci ən böyük şəhəri - Gəncə də var.

Tərtərdən fərqli olaraq, sakinlər hələ ki, buranı tərk etməyə hazırlaşmırlar.

Vəkil Emin İsayev Bakıda yaşayır və işləyir. Atışma baş verəndə o, uşaqları ilə birlikdə Gəncədəki valideynlərinin evində qalırdı. Bundan sonra ailəsini - arvadını və uşaqlarını - Bakıya qaytarıb.

Onun valideynləri və bütün qohumları Gəncədə yaşayırlar. İsayevin sözlərinə görə, o, Gəncədə olanda iki hücum baş verib: "Birinci dəfə dörd, daha sonra isə beş mərmi düşdü."

"Əlbəttə ki, insanlar narahat idi, amma demək olar ki, heç kim evini qoyub getmədi," - o, söyləyir. Deyirdilər ki, "onsuz da hər yerdə eyni şey baş verə bilər".

Onun sözlərinə görə, şəhərdə heç bir təşviş yoxdur və insanlar burdan getmək istəmirlər.

"Atam öz ailəsini təhlükəsiz yerdə gizlətmək istədi, amma hamı başa düşürdü ki, həm məktəbi, həm də xəstəxananı asanlıqla vura bilərlər".

Emin valideynlərini Bakıya aparmağı təklif edib, lakin onlar razılaşmayıblar.

Ağdamdan Bəhlul

Müharibədən əvvəl erməni tərəfinin işğal etdiyi ərazilərdə yüz minlərlə azərbaycanlı yaşayardı, amma rəsmi rəqəmlərə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin özündə azərbaycanlılar yerli əhalinin 25 faizini təşkil edirdi.

Yeni müharibə onlar üçün gözlənilməz oldu. Və hazırda çoxları 30 il əvvəl tərk etdikləri doğma şəhər və kəndlərinə necə qayıdacağını düşünür. Biz onlardan bir neçə nəfərlə danışdıq və müharibə nə qədər dəhşətli görünsə də, bu, onlarda evlərinə qayıtmaq ümidlərini oyadıb. Düzdür, bəzilərinin evləri çoxdandır ki, artıq yoxdur.

1990-cı illərdə və 2000-ci illərin əvvəllərində yataqxana, turist bazaları, köhnə pioner düşərgələri, uşaq bağçaları və məktəblər məcburi köçkünlərlə dolu idi.

Azərbaycana neft pulları gəldikdən sonra dövlət onların bir çoxu üçün (hamısı üçün yox) evlər inşa etdi. Yeddi il əvvəl belə yaşayış komplekslərindən biri, Bakının 30 kilometrliyindəki Müşfiqabad qəsəbəsi yaxınlığında tikilib.

Əslən Ağdamın Şelli kəndindən olan dülgər Bəhlul Quliyev həmin evlərin birində yaşayır. 26 il əvvəl kənddən çıxarkən o, evinin necə yandığını görüb. Ancaq indi qayıdıb onun yerində yenisini tikməyə hazır olduğunu deyir.

Bəhlul bundan əvvəl, başqaları kimi, 19 il Azərbaycanın müxtəlif bölgələrindəki çadır düşərgələrində və yataqxanalarda yaşayıb.

Şəklin alt yazısı,

Bəhlul Quliyev Bakı yaxınlığında salınan yeni şəhərcikdə ev alana kimi, 19 il çadır düşərgələri və yataqxanalarda yaşamalı olub

"Qaçqın" sözü onu qəzəbləndirir: "Qaçqınlar qaçanlardır, qaçmadıq, vuruşduq, döyüşdük, amma sənin evin təməlinədək dağılanda, evləri yandırıb, sizin arxanızca düşəndə, biz harada qalmalı idik?"

Bəhlul deyir ki, qayıda bilsə, əvvəl qəbiristanlığa baş çəkəcək: "Bu ev mənə lazım deyil, mən orada olmalıyam, evi də özüm tikəcəyəm".

Zəngilandan Nərgiz

Müşfiqabaddakı tərəvəz mağazası yanında Nərgizə rast gəlirik. Nəvəsi cəbhədə olan Nərgiz əslən Zəngilan rayonundandır.

Öncə deyir ki, evini necə tərk etdiyini yada salmaq istəmir: "Nə deyə bilərəm? Qoca qayınanamı və dörd uşağımı götürüb qaçdım, özümlə heç bir əşya götürmədim".

Araz çayını keçən Nərgiz bir həftə İranda yad adamların evlərində qalıb. O, illərlə müxtəlif şəhərlərdə, yataqxanalarda, 7 nəfərlə bir otaqda qalmalı olduğunu deyir. İndi nəvəsindən qələbə xəbərini gözləyir.

Şəklin alt yazısı,

Zəngilandan Nübar Qarabağı tərk etməyə məcbur olanlar üçün tikilən qəsəbədə yaşayır.

Nərgizin yanındakı Nübar söhbətə qoşulur. O, 1993-cü ilin payızında ailəsiylə qaçarkən əşyalarını yük maşınlarına necə qoyduğunu, Araz çayını maşınla necə keçdiyini və maşınlardan birinin çevrilərək insanların suya qərq olduğunu xatırlayır.

Hər iki qadın Google xəritəsinə baxdıqlarını və öz evlərinin artıq yerində olmadığını görsələr də, bunu böyük problem hesab etmirlər.

"Bir fürsət olsa, oraya ayaqyalın gedərəm, çadırda yaşayaram," - Nərgiz deyir.

Azərbaycan tərəfi İranla sərhəd yaxınlığındakı həmin rayonda azad etdiyi kəndlərdən ibarət uzun siyahı açıqlayıb.

Çaxırlı kəndindən Səbuhi

Siyahıda doğma kəndinin adını görən hərbi hazırlıq müəllimi Səbuhi Hüseynov özünü artıq məcburi köçkün saymadığını deyir. O, Cəbrayıl rayonunun Çaxırlı kəndində anadan olub.

Bundan əvvəl kəndin alınması barədə Azərbaycan Müdafiə Nazirliyi video yayıb.

Şəklin alt yazısı,

Cəbrayıl sovet vaxtlarında

Səbuhinin ailəsi 1993-cü ildə kənddən qaçarkən, o, qardaşı ilə birlikdə əsgərlikdə olub.

"Xəbərlərdə kəndimiz haqqında eşidəndə, nələr yaşadığımı sözlə deyə bilmərəm, dözə bilmədim, ağladım, - o, deyir. - Dost-tanışdan xahiş etdim ki, mənə artıq məcburi köçkün deməyin, sadəcə "Çaxırlı kəndindən Səbuhi" deyin. Bu sanki adıma yapışdırılmış bir ləqəb idi, lakin o, artıq yoxdur."

Səbuhi müharibənin sona çatmasını gözləyir: "Əvvəla, yollar açılan kimi, atamın məzarına gedib onu qucaqlayacağam".

Lakin Müşfiqdən fərqli olaraq Səbuhi ermənilərlə qonşu olmağa hazır deyil: "Açığı, onlarla necə yaşayacağımı təsəvvür edə bilmirəm. Elə müharibədən əvvəl də onlarla üz-üzə gəlmirdik - erməni kəndləri bizdən uzaq idi".