Got a TV Licence?

You need one to watch live TV on any channel or device, and BBC programmes on iPlayer. It’s the law.

Find out more
I don’t have a TV Licence.

Canlı reportaj

time_stated_uk

  1. İranın Xarici İşlər naziri Qarabağ münaqişəsi barədə: "İlk növbədə işğal edilmiş ərazilər azad edilməlidir"

    Məhəmməd Cavad Zərif İran

    İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təklif etdiyi plana əsasən, ilk növbədə işğal edilmiş ərazilər azad edilməlidir.

    Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif öz ölkəsinin dövlət televiziyasına müsahibəsində deyib.

    Azərtac xəbər verir ki, nazir İran sərhədi yaxınlığında gedən hərbi əməliyyatlarda terrorçu qruplaşmaların iştirakına imkan verməyəcəyini bildirib.

    Onun sözlərinə görə, rəsmi Tehran münaqişənin sülh yolu ilə həlli üçün fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna rəqib olmadan sabitliyi bərpa etməyə cəhd edir.

    Nazir bildirib ki, İranın təklifi sadəcə olaraq müvəqqəti sülh yaratmaq deyil, işğal altındakı torpaqların azad edilməsindən və bölgə xalqlarının təhlükəsiz yaşaması üçün zəmanət verilməsindən ibarətdir.

    Tərəflər Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin olunacağına dair zəmanət verdikdən sonra münaqişə region dövlətlərinin iştirakı ilə həll olunar, o bildirib.

    M.C.Zərif İranın irəli sürdüyü təklifin Prezident Həsən Ruhaninin xüsusi nümayəndəsi Abbas Əraqçı tərəfindən Azərbaycan, Ermənistan, Rusiya və Türkiyənin siyasi rəhbərliyinə çatdırıldığını bildirib.

  2. Post update

    Rusiyanın Ermənistandakı səfirliyi iki ölən rus sərhədçisi barədə məlumatı təkzib edir.

    "Kütləvi informasiya vasitələrini bu cür xəbərlərə diqqətlə və yüz ölçüb-bir biçmək qaydası ilə yanaşmağa çağırırıq," - diplomatlar qeyd edib.

    Bundan əvvəl bəzi KİV-lər Ermənistanın cənubunda sərhəd məntəqələrinin atəşə tutulması nəticəsində iki rusiyalı sərhədçinin öldüyü barədə məlumat yaymışdı.

  3. Erməni tərəfi Arayik Harutyunyanın kortejinin vurulması xəbərini təkzib edib

    arayik haturyunyan
    Image caption: (arxivdən)

    Erməni tərəfi Arayik Harutyunyanın kortejinin vurulduğunu təkzib edib.

    Harutunyanın mətbuat katibi Vahram Poğosyan deyib ki, tanınmamış "Dağlıq Qarabağ Respublikasının lideri" Arayk Harutyunyan öz vəzifəsini yerinə yetirməkdə davam edir.

    Vahram Poğosyan öz Facebook səhifəsində yazıb ki, Azərbaycan mediasında “Arayik Harutyunyanın xidməti avtomaşınının hər hansı zərbəyə məruz qalan avtomaşınlar karvanını cərgəsində olması haqqında yayılan məlumat həqiqətə uyğun deyil".

    “Birincisi, heç bir avtomobil karvanı vurulmayıb, ikincisi – [...] prezident hazırda öz xidməti vəzifələrini yerinə yetirməkdə davam edir”, - Poğosyan yazıb.

    Azərbaycan Müdafiə Nazirliyinin bununla bağlı açıqlaması hələ ki, yoxdur.

  4. Post update

    Ermənistanın Birləşmiş Mətbuat Mərkəzinin xəbərinə görə, Xankəndi və Ağdərənin "atəşə tutulması" davam edir. "Stepanakertdə (Xankəndi) hava hücumundan həyəcan siqnalı bu gün yeddi dəfə çalınıb", qurum bildirib.

    Bundan başqa, xəbər verilir ki, ötən gecə Şuşada məscid də "atəşə tutulub, məscidin binası zədələnib".

    Azərbaycan Müdafiə Nazirliyi yaşayış məntəqələrinin atəşə tutulması barədə məlumatları "təxribat xarakterli dezinformasiya" adlandırıb.

    "Bu cür həqiqəti əks etdirməyən xəbərlər yaymaqla Ermənistan müdafiə nazirliyinin rəsmiləri cəbhədəki vəziyyətdən tamamilə bixəbər olduqlarını nümayiş etdirir.

    Növbəti dəfə rəsmi olaraq bəyan edirik ki, bölmələrimiz yalnız düşmənin döyüş mövqelərinə və atəş nöqtələrinə cavab zərbələri endirir", qurum bildirib.

  5. Post update

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, bu gün Xankəndi üzərində Azərbaycan Ordusuna məxsus PUA-nın vurulması barədə xəbər "dezinformasiyasıdır və həqiqəti əks etdirmir".

    Bundan əvvəl bu barədə Ermənistan mediası yazıb.

  6. Bunu da izləyin

    (arxivdən)

    Mingəçevirdə yaşayan iki ailə oktyabrın əvvəlində evlərinin Ermənistanın atdığı raket zərbəsindən dağıldığını deyib.

    Mingəçevir sakini Xəyalə Məmmədova deyir ki, artıq evləri yaşayış üçün yararlı deyil. FHN-nin yerli nümayəndələri onların evlərdə yaşamasının təhlükəli olmasını bildirib.

    Ailələrin hadisə barədə dediklərini videomuzda izləyin.

    Evinə raket düşən Mingəçevir sakini:"Bir qarnı ac, bir qarnı tox ev tikmişdik..."

    Mingəçevir sakini
  7. İlham Əliyev Mevlüt Çavuşoğlu ilə görüşüb

    Azərbaycan Prezidenti İlhamƏliyev noyabrın 1-də Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, Azərtac yazır.

    Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Bakıya gəlib.

    O bu barədə öz Twitter hesabında yazıb.

    "Can Azərbaycana güclü dəstəyimizi yeniləmək, Dağlıq Qarabağdakı son hadisələrlə bağlı fikir mübadiləsi aparmaq üçün bir daha Bakıda qardaşlarımızın yanındayıq,"- o yazıb.

    View more on twitter

    Azərbaycan Qarabağ məsələsinin danışıqlar yolu ilə həllinin tərəfdarıdır, lakin “Ermənistan buna imkan vermir”.

    Bunu Prezident İlham Əliyev Mevlüt Çavuşoğlu ilə görüşü zamanı bildirib.

    “Mən bu müddət ərzində dəfələrlə bildirmişdim ki, biz istəyirik bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın. Ancaq Ermənistan buna imkan vermir, 3 dəfə elan edilmiş atəşkəsi kobudcasına pozmuşdur”, - prezident Əliyev deyib.

    “Onlar bizim ordumuz tərəfindən azad olunmuş yaşayış məntəqələrini yenidən işğal etmək istəyirlər. Müharibənin davam etməsinin əsas səbəbi də məhz budur”, - Əliyev vurğulayıb.

    Prezident Əliyev müharibənin davam etdirilməsinin və hər iki tərəfdən itkilərin olmasının məsuliyyətini Paşinyanın daşıdığını deyib.

    “Bütün məsuliyyət Ermənistan tərəfindədir və bu məğlubiyyəti etiraf edib torpaqlarımzdan çıxsa, danışıqlar masası arxasında məsələnin çözülməsi ən məqbul variantdır.” – Əliyev deyib.

    İlham Əliyev qeyd edib ki, Ermənistanın Baş naziri Rusiya prezidenti Putinə məktub göndərməklə öz məğlubiyyətini etiraf edib.

    “Bu məktub, əslində, məğlubiyyətin etirafıdır. Çünki Rusiyadan hərbi dəstək istənilmişdir, halbuki, buna heç bir əsas yoxdur. Azərbaycan öz hərbi əməliyyatlarını beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazisində keçirir, Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirilmir, bizim belə planlarımız da yoxdur.” – İlham Əliyev deyib.

    Prezident Əliyev deyib ki, Paşinyan “bir tərəfdən, məğlubiyyəti etiraf edir, - bu məktubun göndərilməsi bunu göstərir, - digər tərəfdən, tam təslim olmaq istəmir.”

    Azərbaycan prezidentinin sözlərinə görə, bu günə qədər Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri də daxil təqribən 200-ə yaxın yaşayış məntəqəsi “düşməndən azad edilib və bu, davam edir”.

    Türkiyənin xarici işlər naziri Melüt Çavuşoğlu Bakıya prezident Erdoğanın tapşırığı ilə gəldiyini qeyd edib.

    “Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır,” - Çavuşoğlu deyib.

  8. Yerevanda Rusiyaya yardım haqqında konsultasiyaya dair müraciəti izah ediblər

    Yerevanın KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) deyil, Moskvaya təhlükəsizlik üzrə konsultasiya başlamaq xahişi ilə müraciət etməsi onunla bağlıdır ki, hətta bu təşkilatın Ermənistanın müdafiəsinə dair bir qərara gəlməsi təqdirdə, onu Ermənistan-Rusiya Qoşunlar Qrupu və Gümridəki Rusiya bazası həyata keçirəcək, Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistan baş nazirinin baş müşaviri Vağarşak Harutyunyan deyib.

    O hesab edir ki, konsultasiyalar tezliklə başlanar, qərarlar isə “çox tez qəbul olunar”.

    “Bilirsiniz ki, Rusiya hərbçiləri Qarabağla Ermənistan sərhədində, Teğ kəndində dayanır, Meğridə isə Rusiyanın iştirakı gücləndirilib. Yəni dostluq, əməkdaşlıq və hərbi yardım haqqında müqavilə qüvvədədir, işləyir. Rusiya ilə birlikdə təhdidlərin qiymətləndirilməsi və mövcud sualların dəqiqləşdirilməsi qalır,” - Vağarşak Harutyunyan deyib.

    Şənbə günü səhər Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidentinə müraciət edib və “Rusiya ilə Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 1997-ci il müqaviləsinə əsasən, Ermənistana yardım göstərmək üçün təcili konsultasiyalar başlamağı xahiş edib.

    Rusiya XİN-i öz növbəsində bəyanat verib ki, Rusiya müqaviləyə əsasən “Əgər döyüşlər bilavasitə Ermənistan ərazisinə keçərsə, Ermənistana lazımi yardım göstərər”.

    Rusiya XİN-i Dağlıq Qarabağ münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və “substantiv danışıqlara qayıtmağa” çağırıb.

    Şənbə günü prezident İlham Əliyev bəyan edib ki, Qarabağ münaqişəsinə üçüncü bir ölkənin cəlb edilməsini istəmir.

  9. Post update

    Ermənistan iddia edir ki, Azərbaycan hərbi hava qüvvələri bazar gününə keçən gecə “Ağdərə və ətraf yaşayış məntəqələrini" hücuma məruz qoyub.

    Azərbaycanın bununla bağlı şərhi yoxdur, amma dəfələrlə bəyan edib ki, ordu yalnız hərbi hədəflərə atəş açır.

    Ermənistan hökuməti nəzdindəki informasiya mərkəzinin məlumatına görə, bu gecə Əsgəran rayonunun kəndləri atəşə tutulub, amma mülki əhali arasında zərər çəkən olmayıb.

    Azərbaycan Müdafiə Nazirliyinin bazar günü səhər yaydığı məlumata görə, noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

    Nazirliyin məlumatına görə, döyüş əməliyyatları, əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

  10. Təcili xəbərAzərbaycan MN: "Tərtər və Ağcabədi atəşə tutulur"

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, qarşı tərəf Tərtər və Ağcabədi rayonlarının ərazisini intensiv atəşə tutur.

    "Noyabrın 1-də saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, eləcə də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini intensiv artilleriya atəşinə tutur,"- qurumun məlumatında deyilir.

  11. ANAMA: "Dünən müxtəlif rayonlara mәrmi düşməsi barәdә 26 müraciət daxil olub"

    ANAMA

    Oktyabrın 31-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabәdi, Ağdam, Bәrdә, Füzuli, Tәrtәr vә Yevlax rayonları әrazisindә mәrmilәrin aşkar olunması barәdә 26 müraciət daxil olub.

    Qurum bildirir ki, Agentliyin əməkdaşları DİN әmәkdaşları ilә birlikdә Ağcabәdi rayonunun Arazbar, Hacılar, Kәbirli, Mahrızlı kәndlәri, Ağdam rayonunun Xındırıstan, Әhmәdağalı, Üçoğlan kәndlәri vә Qarqar çayının sahili, Bәrdә şәhәri Vaqif küçәsi, Füzuli rayonunun Şükürbәyli, Babı, Alxanlı kәndlәri vә Horadiz şәhәri, Tәrtәr rayonunun Qaynaq, Yuxarı Qapanlı kәndlәri, Şıxarx qәsәbәsi, Bağırov küçәsi, Yevlax rayonunun Kolanı kәndi әrazisinә 24 operativ vә tәxirәsalınmaz әmәliyyat çıxışı hәyata keçirib.

    “Aparılmış әmәliyyat- axtarış tәdbirlәri zamanı 1 әdәd 100 mm-lik top mәrmisi (OF-412), 1 әdәd 120 mm-lik minaatan mәrmisi (OF-843), 1 әdәd tank әleyhinә idarә olunmayan RPQ-18 silahı (PQ-18 raketi ilә), 1 әdәd tank әleyhinә idarә olunmayan RPQ-26 silahı (PQ-26 raketi ilә), 1 әdәd tank әleyhinә idarә olunan 9K111 silahı (9M111 raketi ilә), 1 әdәd hәrbi mәqsәdlәr üçün istifadә olunan meteoroloji radiopelenqator vә 25 әdәd partlamış mәrmi qalıqları aşkar olunub,” –ANAMA-nın məlumatında deyilir.

    Qurum bildirib ki, Mina Tәhlükәsinә dair Maariflәndirmә üzrә mütәxәsisslәr tәrәfindәn 42 777 nәfәr mülkü şәxs arasında mina tәhlükәsizliyinә dair maariflәndirmә tәbliğatı aparılıb.

    ANAMA
  12. Azərbaycan MN: "Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub"

    Azərbaycan MN

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutub.

    "Noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub," - qurumun məlumatında deyilir.

    Ermənistan hələ Bakının bu bəyanatına münasibət bildirməyib.

    Azərbaycan Müdafiə Nazirliyi, eyni zamanda, Azərbaycan ordusunun 18 ədəd erməni hərbi texnikasını sıradan çıxardığını iddia edir.

  13. Azərbaycan MN: "Döyüş əməliyyatları Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib"

    Azərbaycan MN

    Azərbaycan Müdafiə Nazirliyi cəbhədə noyabrın 1-nə olan son vəziyyəti açıqlayıb.

    Qurum bildirib ki, oktyabrın 31-i gün ərzində və noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

    Nazirliyin məlumatına görə, döyüş əməliyyatları, əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

    Qurum bildirir ki, Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin şəxsi heyəti arasında xeyli sayda itki var.

    "Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb,"- qurumun məlumatında deyilir.

    Azərbaycan MN bildirir ki, hazırda Azərbaycan qoşunları əməliyyat şəraitinə nəzarət edir.

  14. Post update

    Azərbaycan Müdafiə Nazirliyi gün ərzində görüntülər yayaraq bildirib ki, erməni tərəfinin "Azərbaycan mövqeləri istiqamətində hərəkəti müşahidə edilən canlı qüvvə ilə dolu 2 hərbi avtomobil texnikası vurulub".

    "Məlum olub ki, Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərib", məlumatda deyilir.

    Bundan daha əvvəl Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin 3 ədəd tankı, 1 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd sursatla dolu yük maşını, döyüş mövqeyində və qoşquda olan 3 topu, o cümlədən xeyli sayda canlı qüvvəsi vurulub.

    Erməni tərəfinin bu barədə şərhi məlum deyil.

  15. Post update

    "Qarabağ Ombudsmanı" Artak Beglaryan Twitter-də yazıb ki, "Azərbaycan hərbçiləri tərəfindən açılan atəş nəticəsində 59 yaşlı sakin həlak olub".

    Ombudsmana əsasən, mülki şəxsin "həlak olduğu yer" Xocavənd rayonunun Qarqar kəndidir.

    Erməni tərəfi bir neçə gündür ki, bu yaxınlarda döyüşlərin getdiyini bildirib.

    O həmçinin Xankəndi (Stepanakert), Şuşa, Ağdərə və Xocavənd şəhərlərinin atəşə tutulması ilə bağlı bu gün yayılan məlumatları təkrarlayıb və Xankəndinə “böyük maddi ziyan” barədə yazıb.

    Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Anar Eyvazov bu gün Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib ki, "Azərbaycan Ordusunun Xocalını, Şuşanı və Xankəndini raket atəşinə tutması, bunun guya mülki əhaliyə qarşı yönəlməsi barədə Ermənistan mətbuatının tirajladığı məlumatlar da saxtadır, növbəti dezinformasiyadır".

    O, Azərbaycan Ordusunun mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açdığını qeyd edib.

    O həmçinin bildirib ki, Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir.

  16. Levon Ter-Petrosyan Nikol Paşinyanın Putinə xahiş müraciətini şərh edib

    Levon Ter Petrosyon

    Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə ünvanlanan xahiş məktubunu və bu məktubun cavabını şərh edib. Bu barədə ilur.am qəzeti yazır.

    Ter-Petrosyan deyib: “Nikol Vladimir Putinə xahişnamə göndərib.

    Putin ona RF XİN vasitəsilə cavab verib.

    Başa düşmürsünüz, o nə deyib? Əgər bunu da başa düşmürsünüz, vay bizim günümüzə.

    Putin tam səmimiliyi və alicənablığı ilə sadəcə deyib: Ermənistanın tam təhlükəsizliyini təmin etməyə borclu və hazıram, lakin nəhayət anlayın – mən Qarabağ məsələsini sizin əvəzinizə həll edən deyiləm”.

  17. Bakıda bəzi sakinlər McDonald’s restoranlar şəbəkəsini boykot edirlər

    Mcdonalds, Bakı

    Bakıda bəzi sakinlər McDonald’s restoranlar şəbəkəsini boykot edirlər.

    Boykot edənlər deyirlər ki, bir neçə gün əvvəl şirkətin sosial media hesablarından “Qarabağ Azərbaycandır” şüarının silinməsi onlara təsir edib.

    Müxbirimizlə söhbət edən Bakı sakini Vahid İsrafilov deyib ki, o, paytaxtın mərkəzindəki McDonald’s restoranın filialının qarşısında dayanaraq bir neçə adama boykot barədə məlumat verib.

    Onun sözlərinə görə, boykot barədə sosial şəbəkələrdə oxuyub və sonra könüllü olaraq bu aksiyaya qoşulub.

    “Belə şirkətlər "Qarabağ Azərbaycandır" sözünü inkar edirlərsə, bu bizim ərazi bütövlüyümüzü tanımamaqdır”, o əlavə edib.

    "Bir az dayanıb sonra gedəcəyəm öz işlərimi görməyə”, deyən Bakı sakini 10-a yaxın adamla danışdığını və onlardan bəzilərinin onu "dinləyib" boykota qoşulduğunu, az bir qisminin isə "dinləməyib" restorana daxil olduğunu açıqlayıb.

    Restoranlar şəbəkəsini boykot edən Çiçək Həziyeva deyib ki, "əgər restoranın əvvəldən siyasətə qoşulmaması kimi bir şərti var idisə bu addımı atmamalıydılar. Əvvəl dəstək göstərib, sonra onu silmək düzgün olmayan haldır".

    “Bizim ölkəmizdə pul qazanan şirkətin bizim torpaqlarımızın bütövlüyünü qəbul etməməsini doğru saymıram, ona görə də boykota qoşuldum”, - Çiçək Həziyeva deyib.

    Tələbə olan Əli Mustafazadə deyib ki, o, sosial şəbəkədə McDonald’s-ın paylaşımı silməyi barədə eşidib və boykot çağrışlarına qoşulub.

    “Mənə pis təsir etdi. Başqa ölkələrdə olan şirkətlər qondarma dövlətin bayrağını yayırlar, amma bizim ədalətli istəyimizinı qarşısın alırlar, Qarabağ haqqında elanı sildiriblər”, Əli Mustafazadə deyib.

    Bakı sakini Vadil Sadıqov Fəvvarələr meydanında dostu ilə gəzir və boykot edənləri kənardan izləyib.

    O hesab edir ki, insanların etirazını başa düşür, amma boykot etmək qərarını “çox mənasız bir addım sayır”.

    “Boykot etməklə heç nə dəyişmir. Burda iki-üç gün boykot etməklə onun dövriyyəsində ciddi bir dəyişiklik olmayacaq. Bu restoranın qlobal şirkət olduğunu nəzərə alsaq onların o paylaşması düzgün deyildi. Amma paylaşıb sonra silmək də düzgün deyil”, - Vadil Sadıqov deyib.

    BBC News Azərbaycancanın müxbiri müşahidə edib ki, restoranda əvvəlki kimi qələbəlik olmayıb.

    Etiraz aksiyası edənlər müxbirimizin müşahidə etdiyi dövrdə restorana gələn heç kimə yaxınlaşıb boykot barədə deməyiblər.

    Polis ətrafda təhlükəsizlik tədbirləri görüb və aksiyanı kənardan müşahidə edib.

    BBC News Azərbaycanca McDonald’s restoranlar şəbəkəsindən boykot məsələsi ilə bağlı şərh ala bilməyib.

    Restoranlar şəbəkəsi qalmaqaldan sonra sosial şəbəkələrdəki səhifələrdən bəzi postları silməyini belə izah edib - "bir məqsədimiz var-əsas amalımıza, yəni insanları qida ilə təmin etmək fikrinə sadiq qalmaq".

    "Cari dəyişkən zamanda bunun önəmi xüsusilə yüksəkdir və biz bu təşəbbüsü dəstəkləyən növbəti xeyirxah addımlarımız barədə məlumatları tezliklə açıqlayacağıq. İstəyimiz odur ki, insanların bir yerdə toplanaraq yemək və xoş anları birlikdə paylaşa biləcəkləri bir məkan yaradaq”, deyə restoran rəsmi açıqlama yayıb.

    Şirkət “bütün dünya üzrə McDonalds-ın öz qapılarını hər kəsin üzünə açdığını" bildirib.