Soçi Qış Olimpiadası: Azərbaycanın medala "ümidi yoxdur"

  • Xanım Cavadova
  • Bakı, bbcazeri.com

Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarına Azərbaycan dörd legionerlə qatılır.

İki idman növü üzrə yarışa qatılacaq ölkəni idmançılar- xizəkçilər Patrick Brahner (Avstriya) və Gaia Bassani Antivari (İtaliya) və fiqurlu konkisürmə cütlüyü Alexei Sitnikov və Yuliya Zlobina (Rusiya) təmsil edəcək.

Azərbaycanın “idman ölkəsi” olduğunu dəfələrlə təkrar edən rəsmilərin açıqlamaları bu Olimpiada ərəfəsində o qədər də nikbin səslənmir. Onlar da, idman təhlilçiləri kimi, qış idman oyunlarının Azərbaycan üçün ənənəvi olmadığını qeyd edir.

Azərbaycanın “sadəcə iştirak üçün” oyunlara qatıldığını deyən Milli Olimpiya Komitəsi (MOK) bu yarışmada ölkənin adının çəkilməsinin önəmini diqqətə çatdırır. Hətta müqavilə bağlanan idmançıların dünya professionalları arasında olduğu bildirilsə də, Azərbaycan ümidli görünmür.

Medala iddia yoxdur

“İdmançılar o qədər güclü idmançılar deyil ki, medala iddialı olaq, amma əlbəttə ki, müqayisəli götürəndə nisbətən yaxşı nəticələr gözləyirik, böyük iddiamız yoxdur”, Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva BBC Azərbaycancaya deyir.

Könül Nurullayeva idmançıların “güclü” hesab edilməməsi fikrini izah edərək deyir ki, Olimpiadaya lisenziya qazanıblarsa, “artıq güclü idmançılar”dır, amma real götürülsə, yarışmaya adətən dünya ölkələrinin “ən güclüləri" qatılır.

"Hamısının səviyyəsi bir-birinə yaxındır, amma konkisürmə cütlüyünün şansı daha çoxdur", o əlavə edir.

Rəsminin sözlərinə görə, qış olimpiya oyunlarına iddianın olması üçün “yerli idmançılar və yaxşı şərait olmalı” və bundan sonra müəyyən iddia irəli sürülməlidir.

“Bizim üçün əsas Azərbaycan adının orada hallanmasıdır. Təmsil olunmağımız, nümayəndə heyətinin getməsi, bayrağın dalğalanması daha önəmlidir hələlik”, o deyir.

"Bizə nə lazım ola bilər ki, təbliğat lazım ola bilər də və biz buna görə çalışırıq", xanım Nurullayeva izah edir.

"Özünü aldatma"

Legionerlərlə qatılmanı yalnız ad baxımından "prestij" hesab edən idman təhlilçiləri isə belə vəziyyəti “özünü aldatma” və “reklam” adlandırır.

“Niyə dünyaya zorla göstərirsən ki, bizdə qış idman növləri inkişaf edir? Biri çıxıb sual vermir ki, hansı baza var ki sən onu inkişaf etdirirsən”, idman yazarı Elçin Cəlilov BBC Azərbaycancaya danışır.

Onun sözlərinə görə, legionerin cəlb edilməsi “asan inkişaf”dır. Cənab Cəlilov həmçinin xarici idmançılara şübhə ilə yanaşır.

“Gedib hansısa şimal ölkəsindən idmanın hansısa növündə o ölkənin beşliyinə və ya onluğuna düşməyən idmançı ilə müqavilə bağlayıb gətirirlər”.

Səbəblər

Təhlilçiyə görə, səbəb idmanın bütün sahələrinin “məmurlara verilməsidir”.

“İşin səhv tərəfi də budur, idmanın inkişafını birbaşa məmura tapşırmaq olmaz, ancaq hansısa federasiya maddi –texniki çətinlik yaşayırsa, müstəqil sektor maliyyə ayırmırsa, dövlət strukturundan kömək almaq olar”.

İndiki halda isə, məmurlar idarəçiliyi öz adamlarına tapşırır, amma idmanın spesifik sahə olması unudulur, deyən cənab Cəlilov vəziyyəti “biabırçılıq” adlandırır.

Təhlilçi yerli idmançıların tezliklə yetişdirilməsi fikrini real hesab etmir. Bir tərəfdən qış idman oyunlarına uyğun ənənənin yoxluğunu deyən Cəlilov, digər tərəfdən professional texniki baza və rəqabət mühitinin olmadığını vurğulayır.

“Konkisürmə meydançaları bir neçə “mall”da (iri ticarət mərkəzi) var əhalinin istirahəti üçün, xizək isə Şahdağdadır, oraya da insanlar gedib şəkil çəkdirib gəlir. Heç bir idman qurğusu falan yoxdur”.

Cəlilov, idmançı yetişdirilsə belə, onun yerli resurslarla yarışmalara qatılmasını mümkünsüz hesab edir, çünki rəqabət mühiti "yoxdur".

Şahdağ və Tufan kompleksləri

Xanım Nurullayeva isə deyir ki, bu, birdən-birə olan deyil, çünki bu, güləş və cüdo kimi “otağa tatami atıb məşq etmək deyil”.

“Adi hava şəraitini götürsək, hava tam yararlı deyil. Yaxşı ki, təzəlikcə Şahdağ, Qələbədəki kimi qış turizm mərkəzləri kimi proyektlər yaradılır, genişləndirilir”.

Qusar rayonunda yerləşən "Şahdağ" Qış-Yay Turizm Kompleksinin açılışı 2013-cü ilin yanvarında keçirilib.

“Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi isə bu yanvarın 3-də istifadəyə verilib. Burada 10 xizək yolundan beşi hazırdır. Dörd kanat xətti isə tam inşa edilib.

MOK rəsmisinin sözlərinə görə, beş ildən sonra yerli idmançıların yetişdirilməsi daha realdır. Xanım Nurullayevanın ümidinin itməməsinə, bu qışda rayonlardakı turizm mərkəzlərinə əvvəlki dövrlərə nisbətən üç dəfə çox insan axını olması da təsir edib.

“Güləş qədər olmasa da, insanların ən azından marağı var. Bu, yaxşı göstəricidir, demək olmaz ki, tamamilə yaddır”.

İdman Araşdırmaları Mərkəzinin sədri Elşən Məmmədov isə Qusar, Qəbələdə tikilən Qış-Yay Turizm Komplekslərinin dağ xizəkçiliyi növü üzrə idmançıların yetişdirilməsi üçün münasib məkan sayıla biləcəyini deyir.

"Federasiya ciddi məşğul olsaydı..."

Resurs yoxluğu barədə fikirlər ilə razılaşan Məmmədov bu amillərin Azərbaycan Qış İdman Növləri Federasiyasının yerli idmançı yetişdirə bilməməsinə haqq qazandırmadığından əmindir.

"Federasiya rəhbərliyi seleksiya işləri ilə ciddi məşğul olsaydı, ən azı xaricdə yaşayan əslən azərbaycanlı idmançıları aşkarlayaraq, yetişdirmək olardı. Məsələn, Gürcüstandakı Bakuriani bölgəsində, elə Borçalı mahalındakı həmyerlilərimiz arasından seçim aparmaqla, buna nail olmaq daha real olardı".

Olimpiadaya təxminən beş həftə qalmış adları açıqlanan idmançıların geyimləri hazırlanma mərhələsindədir.

MOK mətbuat xidmətinin məlumatına görə, paltarların hazırlanmasına görə Qış idman növləri Federasiyası (Dağ xizək idmanı Federasiyası və Fiqurlu konki sürmə Federasiyası) cavabdehdir.

Geyimləri ərsəyə gətirən isə, İtaliyanın məşhur Larusmiani moda evidir. Moda evi həmçinin, açılış və bağlanış mərasimləri üçün parad dəstlərini təhvil verməlidir. Bu dəstlər milli koloritlər, MOK, Soçi 2014 simvolları, Larusmiani yarlığına əsasən dizayn edilib.

7-23 fevralda planlaşdırılan Soçi Qış Olimpiya Oyunları zamanı Azərbaycanın nümayəndə heyətinin tərkibində gənclər və idman naziri, MOK və Qış İdman Növləri Federasiyasının nümayəndələri də iştirak etməlidir.

Son dəfə Azərbaycan 2010-cu ildə Vankuver Qış Olimpiya Oyunlarında Cedric Notz (İsveçrə) və Gaia Bassani Antivari (İtaliya) ilə uğursuz təmsil olunub.

Azərbaycan Qış Olimpiya Oyunlarında 1998-ci ildən etibarən iştirak edir.

6 fevraladək olan məlumata görə, Azərbaycanı beş idmançı - yuxarıda qeyd olunanlar və isveçrəli Cedric Notz təmsil edəcəkdi, lakin Beynəlxalq Olimpiya Komitəsinin qaydalarına görə o, heyədtən uzaqlaşdırılıb.